Abqora: adı bəlli, dadı bəlli. Bəs bazarı?

Hər millət özünü nəyləsə tanıdır. Saat deyəndə adətən İsveçrə yada düşür, Türkiyə və Çin dünyada ən dadlı yeməkləri ilə tanınır, Almaniyanın “Mersedes” avtomobili isə ən geridə qalmış ölkələrə belə yol tapa bilib. Hər ölkə öz brendini qorumağa çalışır. İtaliyanın məşhur “Mosarella” pendiri ilə bağlı qalmaqal yaşandıqda ölkənin baş naziri işə qarışmalı olub: hamının gözü qarşısında pendirdən dadıb.

 

Azərbaycanın da dünyaya verə biləcəyi məhsul az deyil, amma bəzən onları nəinki xaricdə, heç ölkə daxilində belə təbliğ edə bilmirik. Ağsuda yerləşən “Azgranata” şirə və şərab emalı zavodu bir müddətdir sənaye üsulu ilə abqora istehsalına başlayıb. Bu məhsulun bazarda satışı, tanıdılması, problemləri ilə bağlı sualları zavodun direktor müavini Vüqar Mikayılov cavablandırıb.

 

- Abqoranı fransızlar öz adlarına yazırlar; deyirlər tarixi 14-cü əsrə gedib çıxan abqora onların milli içkisidir. Əfsuslar olsun, kiçik xalqların haqqı daha çox tapdanır, bizim də eləcə. Nizami Gəncəvi “Yeddi gözəl” poemasında yazır:

 

Bir vaxt ki qoraydım, bir vaxt ki kaldım,

Onda şirin idim, elə bil baldım.

Sıxıb şirəmi də ayırardılar, 

Ondan da tutiyə qayırardılar.

Yüzdən artıq dərdin dərmanı olan bir məhlul tutiyə adlanır. Əgər “qora suyu” Nizami Gəncəvinin dövründə tutiyə kimi tanınırdısa, deməli, dahi şairdən yüz illər qabaq da bu olub.

 

Abqoranın əsl vətəni buradır. Biz abqora ilə fəxr eləməliyik, Azərbaycanın milli içkisidir. Nənə-babamız, Bakı, Şəmkir zonasının camaatı abqora istehsal edib. Bəzən uzun müddət qalması üçün abqoraya duz vurulur, ancaq bu, əslində pis şeydir. Duz vurulandan sonra abqora təzyiqi aşağı salmır, xəstəyə dərman olmur. Çünki duzla turşu reaksiyaya girir.

 

- Kimsə bu günə qədər abqoranı Azərbaycanda sənaye yolu ilə istehsal edibmi?

 

- Bizim zavod Azərbaycan tarixində ilk dəfə sənaye üsulu ilə abqora istehsal etdiyinə görə tarixə düşüb. Kiminsə xoşuna gələ də bilər, gəlməyə də — ancaq bu, faktdır. Abqora spirtsiz içkidir. Turş üzümdən hazırlanır. Bizdə abqoranın rəngi qırmızı olur. Ev şəraitində hazırlanan abqora pasterizə edilmir, 40 dərəcə istidə günün altında saxlanır.  Biz isə həm duru alınsın, həm də təmizlənsin deyə abqoranı 92 dərəcə istidə süzür, buxarla qızdırıb bağlayırıq. Buxarla bağlandığına görə bişir. Bişdiyinə görə rəngi istər- istəməz qızarır. Ancaq qızarsa da, içərisinə həm duz, həm də kimyəvi konservant vurulmaması məhsulun xalis çıxmasına səbəb olur.

 

Başqa məhsullara kaliummetabisulfit, kaliumsorbat vururlar. Bunlar da hamısı konservantlardır. İnsan orqanizminə ziyandır. Biz bunların hamısından qaçmışıq. Abqoraya heç nə qatmamışıq.

 

- Başqa ölkələrdə də abqora istehsal olunurmu? Olunursa, hansı məqsədlər üçün hazırlanır?

 

- Suriyada buna xuşrom deyirlər. Avstriyada qənnadı kitabı buraxan məşhur bir alim var — Meqqi Birin. Onun kitabının çapından sonra abqoradan çolpa hazırlanmasında istifadə olunmağa başlandı. Nənə-babamız isə bunu hələ keçmiş zamanlardan çolpaya, ət yeməklərinə qatıb. Sual olunur: sirkə də var, abqora da; ikisi də turşudur. Bəs bunların bir-birindən fərqi nədir? Bir şeyi yadda saxlayın: sirkə məhsulun dadını itirir, məsələn, iylənmiş ətə vurursan, iyi gedir. Əksinə, abqoranı iylənmiş ətin üstünə töksən, qoxu çoxalacaq. Ona görə də bunu iylənmiş ətə vurmurlar. Abqora dadın tənzimləyicisidir.

 

- Abqoranın müalicəvi əhəmiyyəti nədən ibarətdir?

 

- Təzyiqi aşağı salır. Yəni bu gün qəbul etsəniz, sabahdan təzyiqiniz normallaşar. Gündə 2 dəfə içmək lazımdır. Yeməkdən 15 dəqiqə sonra 1 stəkana 70 qram abqora tökülür, su ilə qarışdırılır. Su ona görə əlavə olunur ki, mədəsində turşuluq olanlara ziyan vurmasın. Qarışdırılandan sonra məhlulun turşuluğu mədə turşusuna yaxınlaşır. Bu qarışığı 40 gün içən adam şəkər xəstəliyindən qurtulur. Yoxlaya bilərsiniz. Kimin xəstəliyi keçməsə, şəkəri normal həddə enməsə, 40 gündə abqoraya verdiyi pulu qaytarmağa hazırıq. Qiyməti də ucuzdur, əlimdə tutduğum 750 qramlıq şüşənin dəyəri 2 manat 30 qəpikdir. Özü də tərtəmiz. Hərçənd bunun yarım litrini Bakıda 10 manata verirlər.

 

- Məhsulunuzu bazarda sata bilirsinizmi?

 

- Təəssüf ki, abqoranı 6 aydır Bakıda mağazalara çıxarmışam, alan yoxdur. Çünki nə olduğunu bilmirlər. Belə qərara gəldik ki, bir müddət sonra 5 avtobusun üzərinə abqora və onun müalicəvi əhəmiyyəti barədə reklamlar vurulsun. Avtobuslar şəhərdə hərəkət etdikcə insanlar reklamları oxuyub maariflənsinlər. Böyük super-marketlərdə də abqoranın xeyrinə dair xüsusi bukletlər hazırlamağı düşünürük. İnsanlar o qədər yalan eşidiblər ki, bəzən yazılan informasiyaya inanmırlar. Ancaq mən əlimi ürəyimin üstünə qoyub bütün səmimiyyətimlə deyirəm ki, bizdə abqoranın istehsal prosesində heç bir kimyəvi konservantdan istifadə olunmayıb. Öz anam da şəkər xəstəsidir, bundan istifadə eləyir.

 

- Bəlkə abqoranı xarici bazara da çıxarmağına dəyər?

 

- Gürcüstana xahişlə göndəririk. Tamara Baqraşvili adlı xanım alıb içib, ona köməyi dəyib. Bizdən xahiş eləyir ona abqora göndərək. Bunu içən adamda xolesterin olmur, abqora damarları təmizləyir. Xaricdə bundan əsasən qadınların müalicəsində istifadə olunur. Düşünə bilərsiniz ki, biz özümüzü təbliğ eləyirik. Ancaq inanın, bu işi görməkdə maddi maraq güdməmişik. Əsas məqsədimiz abqoranı öz adına çıxan fransızların əlindən bu təşəbbüsü almaq olub.

 

- Ev şəraitində istehsal edilən abqora ağ rəngdə olur, bəzən də çevrilir şəraba, şampan kimi partlayır. Niyə?

 

- Duz vurmasan qıcqıracaq, vursan da müalicəvi olmayacaq. Qıcqırma səbəbindən  təzyiq yaranır, şüşənipartladır. Gərək məhsulun hava ilə təması olmasın. Elə bizim abqoranın da ağzını açıb elə-belə yerdə saxlasan, qaralacaq. Onu mütləq soyuducuda saxlamaq lazımdır.