“Ödəniş terminallarına investisiyalarımızın özünü doğrultması üçün vaxtımız var”

“eManat” ödəniş terminallarının sahibi “Modenis” MMC internet vasitəsilə ödənişlərin artmasından narahat deyil.

“Marja” “Technimum.com” portalına istinadən xəbər verir ki, “Modenis” MMC-nin direktoru Ruslan Talıbov nağdsız ödənişlərin artması nəticəsində sərmayələlərinin batacağını gözləmir:

“İqtisadi cəhətdən baxdığımızda hələ illər keçdikcə mobil və internet üzərindən ödəmələrin payının artması nağd pul ilə ödəmələrin məcmü məbləğinin azalmasının dəqiq göstəricisi deyil. Burada yalnız ümumi ödənişlərdə nağd ödənişlərin payının azalmasına diqqət etməkdən əlavə həm də ölkənin ildən-ilə inkişaf etməsi və ümumi daxili məhsulun artması nəticəsində faiz payı azalan nağd ödənişlərin əslində məcmu məbləğdə artmasına da nəzər salmaq lazımdır. Digər bir yandan isə ölkəmizdə Bank ATM şəbəkəsinin də ildən ilə genişlənməsi bir növ nağd pula hələ də əhali arasında ciddi şəkildə tələb olduğunu göstərməkdədir. Əlbəttə bu sahədə olan innovasiyalar və internet üzərindən olan ödəmələrdəki artım tendensiyası getdikcə güclənməkdədir ki, bu da internet şəbəkəsinin ölkəmizdə genişlənməsi və bank kartlarına sahib insanların sayının getdikcə artması ilə müsbət korrelyasiya təşkil edir. Bu tendensiyanın əsas şəhərlərimizdən başlamasını və regionlarımıza hələ tədricən yayılmasını da nəzərə almalıyıq. Hesablamalarımıza görə bütün bu faktorlar şirkət kimi bizim ödəniş terminallarına etdiyimiz investisiyaların özünü doğrultması üçün bizə kifayət edəcək qədər müddət təmin edəcək. Həmçinin nəzərinizə çatdırım ki, şirkətimiz yalnız hazırki bazar şərtlərini dəyərləndirməklə qalmır, eyni zamanda gələcək tendensiyalara uyğun layihələr üzərində də işləyir”,- o deyib.

Ruslan Talıbov qeyd edib ki, daxili statistikaya görə “eManat” ödəniş kiosklarından istifadə sayı kifayət qədər yüksəkdir və günü-gündən artmaqda davam edir.

“CİZGİ FİLMLƏRİ ÇƏKİLMƏLİDİR”

Ruslan Talıbov  söyləyib ki, bu gün Azərbaycan əhalisinin kartlar, kiosklar, bankomatlar və s. cihazlarla işləmək vərdişlərini artırmaq üçün işlər aparılmalıdır:

“Cihazlarla işləmək vərdişlərinin yaradılması üçün nəinki biz, həmçinin banklar tərəfindən də müəyyən maarifləndirici tədbirlər, reklam kampaniyaları həyata keçirilməkdədir. Ancaq düşünürəm ki, ümumiyyətlə bu prosesə baxça və məktəblərdən başlamaq, Polşa, İsveç və digər avropa ölkələrinin təcrübəsində olduğu kimi bununla bağlı hətta cizgi filmləri də çəkməklə artıq övladlarımıza kiçik yaşlardan texnologiya sevgisini aşılamaq lazımdır”.

XANIMLAR ÖDƏNİŞ EDƏRKƏN NARAHAT OLUR

Şirkətin direktoru bildirib ki,  bu biznesə başlamazdan öncə çox ciddi araşdırmalar aparılıb:

\"Məsələn, bəzən məndən niyə kiosklarımızla bağlı məhz bu tip kiosklar üzərində seçim etməyimizi soruşurlar. Bildirim ki, seçimimizə təsir etmiş əsas amillərdən biri odur ki, araşdırmalar görə insanlar, xüsusilə də xanımlar ödənişlər edərkən arxada olan şəxsin kioskun ekranından onun telefon nömrəsini və ya onunla bağlı digər məlumatı görməsindən narahat olur və adətən ekranın qarşısını tam örtmək istəyirlər. Məhz belə ölçülü və nisbətən maili ekranlara malik kiosklar üzərində seçim etməyimizin səbəblərindən biri bu olub”.

“SEÇİMİ MÜŞTƏRİYƏ BURAXIRIQ”

“Modenis” kioskların paylanması məsləsində də bir çox ölkələrin təcrübəsini öyrənmişdir:

“Distribusiya planlamamızın effektli olması üçün bizim kiosk paylanması üzrə xüsusi kriteriyalar müəyyənləşdirmişik və ödəniş kiosklarımızı da bu kriteriyalara uyğun yerləşdiririk. Elə yerlər vardır ki, burada bir yox bir neçə terminal qoyulmalıdır ki, daha yaxşı nəticə əldə edilsin. Çünki, böyük növbətlər yarandıqda potensial müştərilərin itirilməsi riski yaranır. O ki, qaldı bizi rəqibin yanında görməyiniz əlbəttə ki, bu dəqiq hesablanmış qərarların nəticəsidir. Həmçinin, bu biznesin də ən önəmli amili yüksək keyfiyyətli xidmət göstərmək və müştəri məmnuniyyətini təmin etməkdən ibarətdir. Bu mənada biz özümüzə güvənirik və seçimi müştəriyə buraxırıq. Müştəri özü bizi və ya rəqibi seçməklə bağlı qərarını verir”.

ONLAYN DA ÇALIŞACAQ

Ruslan Talıbov  bildirib ki, “eManat” onlayn da çalışacaqdır. O, “Oflayn investisiyalarınızla yanaşı onlayn planlarınızın da olduğu məlumdur. Bu istiqamətdə bazarda yenilik edəcək bir sürprizləriniz olacaqmı?” sualına “Bu sualın cavabını elə sürpriz olaraq saxlayaq. Sadəcə onu qeyd edim ki, ödəniş terminalları sahəsində ən sürətli və mükəmməl sistemi qurmaqla sektora yeni keyfiyyət standartları gətirdiyimiz kimi, onlayn planlarımızda da çalışacağıq bu gözləntiləri doğruldaq” şəkilində cavab verib.

“CASH OUT” BİZƏ CAZİB GÖRÜNMÜR

Ruslan Talıbov əlavə edib ki, hazırki hesablamalarımıza görə müəyyən faktorlar səbəbindən cash out bizə cazib görünmür. Belə bir qərarın verilməsi tamamilə biznes qərarıdır və investisiyanın nə qədər səmərəli olacağının hesablanmasına bağlıdır”.